İmam Mehdinin əleyhis-salam həyatına bir baxış
Birinci bəhs:
Şiələrin axırıncı imamı Peyğəmbər (s)-in 12-ci xəlifəsi hicri tarixiylə 255-ci (868-ci miladi ili) ildə şaban ayının 15-də cümə günü İraqın Samirra şəhərində dünyaya göz açmışdır. Onun atası 11-ci imam Həsən Əsgəri əleyhis-salamdır. Anası isə Nərcis adında ləyaqətli bir xanım olmuşdur. Rəvayətə əsasən o xanım Rum imperatorunun oğlu Yəşuənin qızı, anası isə İsa peğəmbərin vəsisi Şəmunun nəslindəndir. Bu rəvayətə əsasən Nərcis xanım yuxuda qəribə bir şəkildə islam dinini qəbul etmişdir. İmam Həsən Əskəri əleyhis-salamın göstərişiylə özünü müsəlman ordusu ilə müharibəyə gedən Rum qoşununun sıralarına qoşulur. Sonda isə islam qoşunu tərəfindən əsirliyə alınır. İmam Hadi əleyhis-salam bir nəfəri onun ardınca göndərir ki, onu kəniz ünvanında alıb Samirra şəhərinə gətirsin. “Kəmalud-din”, 2-ci cild, 41-ci bölmə, səh: 132. Nərcis xanım bir müddət xanım Həkimənin evində qalır onun təlim və tərbiyəsi vasitəsilə islam dini ilə tanış olur. Qeyd etmək lazımdır ki, Həkimə xanım ona çox böyük hörmət göstərərdi. Nərcis elə bir xanım idi ki, illər öncə islam peyğəmbəri, həzrət Əli və imam Sadiq əleyhimus-salam onun barəsində mədhlər demiş və onu kənizlərin ən yaxşısı kimi tanıtdırmışlar. Yeri gəlmişkən demək lazımdır ki, o xanımın Susən, Reyhanə və Məlikə kimi başqa ləqəbləri də olmuşdur. O, həzrətin adı, kunyəsi və ləqəbləri. İmam zaman ağanın adı və kunyəsi peyğəmbərin adı və kunyəsi ilə eynidir. Bəzi rəvayətlərdə o həzrətin zühur etdiyi zamana qədər adını çəkmək qadağan olunub. O həzrətin məşhur ləqəbləri aşağadakılardan ibarətdir: Məhdi, Qaim, Müntəzər, Bəqiyyətullah, Hüccət, Xələfi-saleh, Sahibul-əmr, Sahibuz-zəman və Vəliyyi-əsr. Onların arasında ən tanınmışı Məhdidir. Bu ləqəblərdən hər biri bir mənaya işarədir. O həzrətə bu səbəbdən Məhdi deyilib ki, Allah tərəfindən hidayət olunub və insaniarı haqqa tərəf çağıracaq. Qaim deyilib çünki o həzrət haqq üçün qiyam edəcək. Müntəzər deyilib ona görə ki, bütün möminlər o həzrətin zühurunu gözləyirlər və o həzrətin intizarındadırlar. Bəqiyyətullah, yəni o həzrət Allah hüccətləri arasında yeganə imamdır ki. bu vaxta qədər yaşayır. Xələfi-saleh deyilməsinin səbəbi layiqli canişin olduğu üçündür. Mənsur ləqəbi isə Allah tərəfindən ona kömək olunacağını göstərir. Sahibul-əmr deyilməsi buna görədir ki, ədalətli bir hökumət qurmaq onun öhdəsindədir və Sahibəz-zaman və Vəliyyi-əsr ona görə deyilir ki, indiki zamanın yeganə ilahi hakimi odur. İmamın təvəllüdü İslam Peyğəmbəri (s)-dən bir neçə rəvayətlərdə belə nəql olunub ki, onun nəslindən Məhdi adında bir nəfər qiyam edəcək və dünyadan zülmü yox edəcək. Zalım Abbasi xəlifələri bu rəvayətlərdən agah olduqları üçün imam Məhdini elə doğulduğu gün öldürmək istəyirdilər. Elə bu səbəbdən də məsum imamların yaşayışı 9-cu imam Məhəmməd Təqi əleyhis-salamın vaxtından məhdudiyytlərlə üzbəüz oldu. Bu məhdudiyyətlər imam Həsən Əsgəri əleyhis-salamın vaxtında lap çoxaldı. İş elə bir həddə çatdı ki, bütün ged-gəliş artıq hökumət tərəfindən nəzarət altında idi. Məlumdur ki, belə bir vəziyyətdə gərək o həzrətin dünyaya gəlməsi gizlin olsun.
Elə bu səbəbdən də 11-ci imamın yaxın adamları da O həzrətin dünyaya gəlməsindən xəbərsiz idilər.
Hətta o həzrət dünyaya gəlməmişdən bir neçə saat öncə anası Nərcis xanımda doğum əlamətləri bilinmirdi 9-cu imam Məhəmməd Təqi əleyhis-salamın qızı Həkimə Xatun o həzrətin dünyaya gəlməsini belə nəql edir: 11-ci İmam Həsən Əsgəri əleyhis-salam onunla sağollaşıb getdiyim zaman mənə buyurdu. -Ey bibi bu gün iftara bizimlə qal. Çünki bu gecə Şaban ayının 15-dir və Allah Öz axırıncı hüccətini yer üzündə aşkar edəcəkdir. Mən "ey Allah rəsulunun övladı! Onun anası kimdir?" –deyə soruşdum. "Nərcis" -deyə cavab verdi. Mən yenə "sənə fəda olum, axı onda hamiləlik əlamətləri bilinmir ?"-deyə soruşdum. İmam buyurdu: -Söz, həmin sözdür ki, dedim. Mən Nərcis xanımın yanına getdim salam verib oturduqda istədi ki, mənim ayaqqabılarımı çıxartsın amma mən ona mane oldum və mənə həmişə olduğu kimi,"ey mənim xanımım" deyə xitab etdi. Amma mən bu dəfə dedim ki, bəlkə siz mənim xanımımsınız. Nərcis xanım buyurdu: -Bibi can siz nə danışırsız? Dedim: -Mənim qızım Allah taala bu gecə sənə elə bir oğlan uşağı nəsib edəcək ki, bütün dünyanın ağası olacaq. Həkimə xanım daha sonra nəql edir ki: İşa namazını qılıb iftar etdikdən sonra uzandım. Gecənin yarsında gecə namazı üçün qalxdım və namazı qıldım. Amma xanım Nərcisdə heç bir doğum əlaməti yox idi. Bəzi duaları oxuduqdan sonra yatdım. Bir az keçdikdən sonra narahat halında oyandım amma o hələ də yuxuda idi. Bir müddət keçdikdən sonra xanım oyandı gecə namazını qıldıqdan sonra yatdı. Sübh namazının vaxtın bilmək üçün çölə çıxdım. Sübh namazına az qalmışdı, amma hələdə Nərcis xanım yuxuda idi. Şəkkə düşdüm elə bu zaman imam Həsən Əsgəri əleyhis-salam öz otağından səslədi. -Ey bibi, axırıncı Hüccətin viladəti yaxınlaşıb. Bu sözdən sonra “Səcdə” və “Yasin” surəsini oxumağa məşğul idim ki, Nərcis xanım həyəcanla oyandı. "Bir şey hiss edirsən?" -deyə soruşdum. “Bəli bibi” -deyə cavab verdi. Bir müddət sonra hər ikimizi yüngül bir yuxu apardı və mən təzəcə doğulan mübarək körpənin səsinə ayıldım. Körpənin üstündə olan parçanı kənara çəkdikdə onu səcdədə gördüm. O həzrəti qucağıma alıb gördüm ki, bədəni pak və pakizədir. Bu zaman imam Həsən Əsgəri əleyhis-salam məni səsləyib buyurdu: -Ey bibi, mənim övladımı bura gətir. Mən təzə doğulımuş uşağı imamın yanına apardım imam onu qucağına aldıqdan sonra “ey mənim oğlum, dilə gəl!” deyə söylədi. Təzə doğulmuş imam dilə gəlib buyurdu: "Əşhədu əlla ilahə illəllah vəhdəhu la şərikə ləhu və əşhədu ənnə Muhəmmədən rəsulullah." Sonra imam Əli əleyhis-salam və digər imamlara salam göndərdi. Həkimə xanım deyir ki, həmin günün səhəri imam Həsən Əsgəri əleyhis-salamın yanına getdikdə imam Məhdini görmədim. İmamdan yerini soruşduqda imam buyurdu: -Ey bibi, onu Musanın anasının Musanı tapşırdığı Allaha tapşırdım. Həkimə xanım öz sözünə belə davam edir: 7-ci gün olduğda imam Həsən Əsgəri əleyhis-salamın evinə gedib salam verdikdən sonra oturdum imam buyurdu: -Ey bibi, mənim övladımı yanıma gətir. Mən həzrəti Məhdini gətirdikdən sonra imam övladına xitab edib “ey mənim övladım dilə gəl danış” –deyə buyurdu. İmam Məhdi dilə gəlib şəhadeteyni dedikdən və imamlara salam göndərdikdən sonra "Qəsəs” surəsinin 5 və 6-cı ayələrini tilavət etdi. İmam Məhdinin xüsusiyyətləri İslam Peyğəmbəri (s) və digər məsumların rəvayətlərində o həzrətin xüsusiyyətləri bəyan olunmuşdur. Biz onlardan bəzisinə işarə edirik. O həzrət ibadət əhli, zahid, səbrli, ədalətli və başqalarının əlindən tutan və onlara kömək edəndir. O həzrət hamıdan elmli və mübarək vücudu bərəkət çeşməsidir. O bəşəriyyətə nicat verən və islam peyğəmbərinin nəvələrindən Fatimə (s) övladı və imam Huseyn əleyhis-salamın 9-cı övladıdır. Zühur etdiyi zaman Kəbəyə söykənər və Peyğəmbər (s)-in bayrağını ələ alıb öz qiyamı ilə Allahın dınini dirildər. İlahi hökümləri bütün dünyaya tətbiq edər və dünya zülmlə dolduğu zaman o həzrət düyanı ədalət və mehribanlıqla doldurar. O həzrətin həyatını üç hissəyə bölmək olar. 1.Gizlin olan dövrü; O həzrətin gizlin yaşayışı, dünyaya gələn gündən atası şəhadətə çatan dövrə qədərdir. 2. Qeybə çəkilən dövrü; Bu dövran 11-ci imamın şəhadətindən başlayır və O həzrətin Allahın izniylə zühuruna qədər davam edəcəkdir. 3. Zühur əsri. O həzrətin qeybdə qalmaq dövranı sona çatdıqdan sonra Allahın izniylə 12-ci imam zahir olacaq və dünyanı ədalətlə dolduracaqdır. Heç kəs O həzrətin nə vaxt zühur edəcəyini bilmir. Rəvayətlərin birində belə nəql olunub ki, imam Məhdi əleyhis-salam buyurdu: "Hər kəs zühurun vaxtını müəyyənləşdirsə yalançıdır..."
.Firuz Yaşaroğlu İlahiyyatçı